“Fatimeyi-Zəhra” (ə) Dini İcma isə məscid tikilməsi və layihələşdirilməsi üçün ona torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 21.08.1996-cı il tarixli 1179 saylı Sərəncamının bəndlərində qeyd olunan tələbləri yerinə yetirərək, torpaq sahəsini ayrılmış məqsəd üçün istifadə etmiş, obyektin tikintisinə ayrılmış torpaq sahəsinin İnşaat Pasportu alındıqdan və Layihə-smeta sənədləri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra başlamışdır.
Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin “Fatimeyi Zəhra” adına Məscidin Dini İcmasına ünvanladığı 18/04-718 saylı 11.10.1996-cı il tarixli məktubunda qeyd olunduğu kimi, Memarlıq və Şəhərsalma Baş İdarəsinin yanındakı Şəhərsalma Şurasının 27 mart 1996-cı il tarixli iclasının Protokoluna əsaslanaraq hazırlanmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki ərazisində nəzərdə tutulmuş məscid-mədrəsə kompleksinin təqdim edilmiş İşçi Layihəsi ilə (Tikinti Layihəsi və İşlərin Smeta-Maliyyə Hesabatı) tanış olaraq (layihə müəllifi “Modus” firması və Ə.E.Məmmədov) onu razılaşdırmışdır (bu sənəd mövcuddur).
Qafqaz Müsəlmanları İdarəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı 337 saylı 06.07.1996-cı il tarixli məktubundan göründüyü kimi, Qafqaz Müsəlmanları İdarəsi “Fatimeyi-Zəhra” adına dini icma üçün ayrılmış torpaq sahəsində məscid tikilməsini məqsədəuyğun hesab etmişdir bu sənəd mövcuddur).
11.10.1996-cı il tarixdə 18/09-718 sayla Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Yeni Günəşli yaşayış sahəsi, “Fatimeyi-Zəhra” Məscidi Kompleksinin Tikinti və Quraşdırma İşlərinə Smeta-Maliyyə Hesabatından göründüyü kimi, smetanın məbləği 25 072 576 manat dəyərində müəyyən edilmişdir (bu sənəd mövcuddur).
11.10.1996-cı il tarixdə 18/09-718 sayla Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş “Fatimeyi-Zəhra” Məscidinin Tikinti Layihəsindən (bu sənəd mövcuddur) göründüyü kimi, məscid-mədrəsə kompleksinə aşağıdakı həcmlər daxil edilmişdir:
1. Məscid;    2. Mədrəsə.Tədris binası;    3. Təkiyyələr;    4. Gözətçi binası;
5. Yuyat binası;    6. Qaraj;    7. Qazanxana;    8. Yaşıllıq zonası.
Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən 06.04.1998-ci il tarixdə Bakı Şəhəri Suraxanı rayonu, yeni Günəşli qəsəbəsinin Mərkəz Massivində məscid tikilməsi və layihələşdirilməsi üçün Torpaq Sahəsinin Ayrılmasına dair 13084 №-li İnşaat Pasportu təsdiq edilmişdir (bu sənəd mövcuddur).
1998-ci il tarixdə (Sifariş №4481) “Fatimeyi-Zəhra”(ə) məscidinin sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Aparatının “Bakıdövlətlayihə” Bakı Şəhərinin Planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutu  tərəfindən dəqiq öyrənilmiş və Sahənin Mühəndisi-Geoloji Səciyyəsi qeyd olunan idarə tərəfindən tərtib və təsdiq edilmişdir (bu sənəd mövcuddur).
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Gigiyena və Epidemologiya Mərkəzinin “Fatimeyi Zəhra”(ə) Məscidinin Dini İcmasına ünvanladığı 13-15/38114 saylı 15.04.1998-ci il tarixli Rəyində göstərildiyi kimi, Səhiyyə Nazirliyinin qeyd olunan İdarəsi məscid-mədrəsə kompleksinin layihə sənədlərini razılaşdırır (bu sənəd mövcuddur).
Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin Sədri tərəfindən “Fatimeyi Zəhra”(ə) Məscidinin Dini İcmasına ünvanladığı 01/501 saylı 18 may 1998-ci il tarixli məktubunda qeyd olunduğu kimi, Dövlət Ekologiya Komitəsi məktubda göstərilənləri nəzərə alaraq təqdim olunmuş sənədləri razılaşdırır və obyektin tikintisinə etiraz etmir (bu sənəd mövcuddur).
Azərbyacan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri Baş İdarəsinin “Fatimeyi Zəhra”(ə) Məscidinin Dini İcmasına ünvanladığı NTNŞ-365 saylı 05.03.1998-ci il tarixli məktubunda qeyd olunduğu kimi, İdarəyə təqdim edilmiş məcsid-mədrəsə kompleksinin layihə sənədləri, Respublika ərazisində qüvvədə olan normativ aktlarının tələblərinə cavab verdiyindən, razılaşdırılır (bu sənəd mövcuddur).
Abşeron Regional Səhmdar Su Cəmiyyətinin “Fatimeyi Zəhra”(ə) Məscidinin Dini İcmasına ünvanladığı 14/377 saylı 07.06.2000-ci il tarixli Məktubundan göründüyü kimi, qeyd olunan Cəmiyyət məscid-mədrəsə kompleksinin su təchizatı məqsədi ilə texniki şərtlər vermiş və su təchizatı Cizgisini tərtib etmişdir (bu sənəd mövcuddur).
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu tərəfindən tərtib edilmiş Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən məscidin qazlaşdırılması barədə 620 saylı İşçi Layihəsi Bakı şəhər BİQİ tərəfindən 08.09.2003-cü il tarixdə 317 sayla razılaşdırılmışdır (bu sənəd mövcuddur).
Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi “Dövlət Enerjinəzarət” İdarəsinin 131-733 saylı 11 noyabr 2002-ci il tarixli Aktından göründüyü kimi, verilmiş texniki şərtlər yerinə yetirilmiş və elektrik enerjisinin istismara buraxılmasına razılıq verilmişdir (bu sənəd mövcuddur).
1998-ci ilin aprel-iyun aylarında Bakı Şəhər İcra Hakimiyyəti öz tabeliyində olan “Bakışəhərtikintimexanikləşdirmə” Trestinə Dini İcmaya texnikanın ayrılması üçün göstəriş vermiş, həmin texnika ilə dekabr ayınadək ərazinin şaquli planlaşdırılması işləri görülmüşdür ( müvafiq sənədlər mövcuddur).
1998-ci il tarixdə Tikinti Layihəsində göstərilmiş birinci Gözətçi Binasının bünövrəsi qoyulmuş,
1999-cu ilin may ayında ikinci Gözətçi Binasının bünövrəsi və həmin ayda torpaq sahəsinin aşağı hissəsində daş hasarın bünövrəsi qoyulmuş,
həmin ilin iyun ayında aşağı Gözətçi Binanın tikilməsi başa çatmış,
həmin ilin noyabr ayında ikinci Gözətçi Binasına bitişik yuxarı 110 m uzunluğu olan hasarın tikintisi başlamış,
2000-ci ilin may ayında Tikinti Layihəsində Qaraj kimi göstərilmiş ümumi sahəsi 100 kv.m olan tikilinin bünövrəsi qoyulmuş,  tikilinin inşaat işləri başlanmış,
həmin ilin avqust ayında 118 m uzunluğunda olan aşağı hasarın inşaat işləri başa çatdırılmış,
2001-ci ildə Qarajın inşaat işləri başa çatdırılmış,
həmin ilin yanvar ayında yuxarı hasarın tikintisi başa çatdırılmış,
2002-ci ilin aprel ayında Tikinti Layihəsində Məscid kimi göstərilmiş ümumi sahəsi 400 kv.m olan tikilinin bünövrəsi qazılmış, həmin ilin iyul ayında Məscidin beton təməli artıq tökülmüşdür.
Sonradan 2002-ci ilin oktyabr ayında Suraxanı rayon İcra Hakimiyyəti bildirmişdir ki, məscid tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin yeni 613 saylı Sərəncamı ilə ləğv edilmiş, torpaq sahəsi isə Suraxanı Rayon İcra Hakimiyyətinə ayrılmışdır.

Bu məsələni aydınlaşdırmaq üçün Dini İcmanın axundu Hacı Mirnəsəb Mirhəsənli, Əsədulla və Bəxtiyar adlı İcma üzvləri Bakı şəhər İcra Hakimiyyətinin Başçısının qəbuluna yazılmış, onun müavini Rauf Pənahov ilə 2003-cü ilin aprel ayında görüşmüş, məsələni ona izah etmiş, sonuncu isə öz növbəsində bildirmişdir ki, 613 saylı Sərəncam səhvən qəbul edilmiş, bu səbəbdən heç bir narahatçılıq hissi keçirmədən Məscidin tikintisinin davam etdirilməsini Dini İcamaya tövsiyyə etmişdir. Dini icmanın nümayəndələri 613 saylı Sərəncamın ləğvi barədə hər hansı yeni sənəd verməyi xahiş etdikdə, Bakı Şəhər İcra Hakimiyyətinin müavini onlara bildirmişdir ki, bir neçə gündən sonra 613 saylı Sərəncamın ləğvi ilə bağlı yeni Sərəncam Dini İcmaya təqdim ediləcəkdir. Suraxanı rayon İcra Hakimiyyəti bu görüş barədə xəbərdar olduqdan sonra Məscidin tikintisin davam etdirilməsinə etiraz etməmiş, hətta hazırki apellyasiya şikayətində göstərildiyi kimi, 10.08.2006-cı il, 06.10.2006-cı il, 31.10.2006-cı il, 07.12.2006-cı il, 31.12.2006-cı il tarixlərdə Məscidin tikintisinə yardım məqsədilə ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini Dini İcmanın bank hesabına köçürmüşdür.

Hal-hazırda "Fatimeyi-Zəhra" (ə) məscidi tamamlanmaq üzrədir.